REGİONLAR
Tovuz Aqroparkı əhalinin keyfiyyətli ət məhsulları ilə təmin olunmasında mühüm rol oynayır FOTO
Tovuz, 30 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalına, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib. Bütün rayonlarda, o cümlədən cəbhəyanı rayon və kəndlərdə insanlar öz gündəlik məşğuliyyətlərini adi qaydada davam etdirirlər. Tovuz rayonunda yerləşən “Tovuz Aqro” MMC-də də iş prosesi qaydalara uyğun qurulub. Aqroparkda yaradılan müasir kəsim sexi Qida Təhlükəsizliyi Agentliyinin ət və ət məhsullarının istehsalı üzrə tətbiq etdiyi tələblərə tam cavab verir.
AZƏRTAC xəbər verir ki, burada kəsilən heyvan ətlərinin saxlanılması üçün lazımi şərait yaradılıb. “Tovuz Aqro” MMC-nin kəsim sexinin müdiri Xanım Məmmədova bildirib ki, heyvanlar qaydalara uyğun kəsilir. “Ət soyuducuya yerləşdirilmək üçün bir sutka ərzində 0 və +4 dərəcə temperaturda soyudulmalıdır. Sonra -35, -40 dərəcə temperaturda dondurulur”, - deyə X.Məmmədova qeyd edib.
Kəsimə göndərilən heyvanlar elə kompleksin özündə bəslənir. Burada da ən yüksək şərait yaradılıb, mal-qaraya vaxtlı-vaxtında yem verilir, qulluq olunur. Həmçinin heyvanları müxtəlif xəstəliklərdən qorumaq üçün profilaktik tədbirlər görülür.
Heyvanların yemə olan tələbatı daxili imkanlar hesabına ödənilir. Aqroparka məxsus sahələrdə buğda, arpa, qarğıdalı, yonca və çovdar əkilir. Sahələrdən cari ildə yüksək məhsuldarlıq əldə edilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 15 ədəd pivod suvarma sistemi qurulub.
Aqroparkın 430 hektar əkin sahəsi var. “Tovuz Aqro” MMC-nin yaradılmasında dövlət tərəfindən hərtərəfli dəstək göstərilib. Belə ki, dövlət dəstəyi çərçivəsində müəssisə “Aqrolizinq” ASC-dən uzun müddətli lizinq əsasında 21 adda 30 ədəd müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqat alıb. Hazırda həmin aqreqatlar vasitəsilə payız şumu aparılır, digər işlər görülür.
Qeyd edək ki, Tovuz Aqroparkı əhalinin keyfiyyətli ət məhsulları ilə təmin olunmasında, emal müəssisələrinin ucuz xammal mənbəyinə çıxış imkanlarının genişləndirilməsində, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yüksək məhsuldarlığın əldə olunmasında və regionda yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayır.