REGİONLAR
Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi: 13 yaşlı Raminin sağ ayağından çoxlu sayda qəlpə çıxardıq
“İndiyədək düşmən gülləsindən yaralanan 100-dən çox dinc sakini müalicə etmişəm”
Tovuz, 10 avqust, Famil Quliyev, AZƏRTAC
Avqustun 7-də axşam saatlarında xəstəxanadan zəng etdilər ki, ermənilər dinc sakinləri atəşə tutub, uşaq yaralanıb, xəstəxanadadır. Təcili işə gəldim. Məlum oldu ki, yaralanan Qaralar kənd sakini 13 yaşlı Ramin Yusifovdur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmaləddin Abbasov deyib.
Travmatoloq-cərrah olan Kəmaləddin Abbasov bildirib ki, işə gəldikdə Raminin ayağında çoxlu qəlpə yaralarının olduğunu görüb. “Tez əməliyyata başladıq, uşaq bərk qorxmuşdu. Onun sağ ayağından çoxlu sayda qəlpə çıxardıq”, - deyə həkim bildirib.
Artıq neçənci dəfədir ermənilərin dinc sakinləri hədəfə aldığını vurğulayan K.Abbasov deyib: “İndiyədək ermənilərin açdığı atəş nəticəsində yaralanmış 100-dən çox dinc sakini müalicə etmişəm. Onların içərisində uşaqlar da olub, qocalar da, qadınlar da. Hər dəfə də beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılır. Onları erməni təcavüzünə göz yummamağa çağırırıq. Amma görünür ki, erməni təəssübkeşliyi, təcavüzə uğrayanla, təcavüzkar arasında fərq qoyulmaması həmin beynəlxalq təşkilatlarda adi hala çevrilib”.
Bir ay əvvəl ermənilərin Füzuli rayonunun Alxanlı kəndini də atəşə tutduğunu xatırladan tovuzlu həkim bildirib ki, 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsinə göz yumulması, beynəlxalq təşkilatların erməni təcavüzünə öz etiraz səslərini ucaltmaması növbəti təxribata yol açdı. “Biz beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i, onun Minsk qrupunu torpağı işğal edilənlə, təcavüzkara eyni yanaşmamağa çağırırıq. Onların erməni təcavüzünə biganə yanaşması düşməni yeni təxribatlara həvəsləndirir. Daha nə qədər dinc sakinin qanı tökülməlidir ki, erməni təcavüzünə dur deyilsin?!”, - deyə K.Abbasov qeyd edib.