REGİONLAR


Tovuz: Suvarmada çətinliklərin olmaması və su itkisinin qarşısının alınması üçün əməli tədbirlər görülür VİDEO

Tovuz, 14 aprel, AZƏRTAC

Tovuz Suvarma Sistemləri İdarəsi ötən il 23379 hektar sahənin suvarılmasını təmin edib. Fermerlərin öz məhsullarını suvarmasında çətinliklərin yaranmaması üçün idarə tərəfindən bu gün də əməli tədbirlər görülür. Xunam və Quşçu arxları lil və kol-kosdan təmizlənib, Kürək çayı, Tovuz çayı, Zəyəm çayı və Axınca çaylarında məcra təmizlənib və hər iki istiqamətdə işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Tovuz Suvarma Sistemləri İdarəsi tərəfindən suvarılan 23379 hektar sahənin 23198 hektarı Tovuz, 181 hektarı isə Gədəbəy rayonunun ərazisinə düşür. Təsərrüfat sahiblərinin suvarmada çətinliklərinin olmaması və su itkisinin qarşısının alınması üçün idarə tərəfindən kanalların təmizlənməsi ilə yanaşı, bir neçə kanal-arxın torpaq hissəsi beton üzlüyə alınıb. Bunlardan biri də Bastam arxıdır və hazırda arxın 1,4 kilometr hissə betonlanıb, həmçinin arx üzərində olan hidrotexniki qurğular təmir edilib.

Rayonun əkin sahələrinin bir qismi Kür çayı üzərində qurulmuş üçpilləli nasos stansiyası, “Qızıl ulğun” nasos stansiyası, Qara su, xırda həcimli Əlibəyli, Yuxarı Mülkülü, Hacallı, Vahidli, Aşağı Öysüzlü, Düz cırdaxan və Qovlar nasos stansiyaları vasitəsilə suvarılır. Burada da idarə tərəfindən təmir-bərpa işləri aparılır, texniki qurğular yenisi ilə əvəzlənir. Ötən il 7 ədəd nasos stansiyası cari təmir olub. Üçpilləli nasos stansiyasının normal istismarını təmin etmək məqsədi ilə P-369 markalı lilsoran qurğuda isə son tamamlanma işləri aparılır və yaxın vaxtlarda yekunlaşacaq. Həmçinin üçpilləli nasos stansiyasının 3-cü pilləsinin elektrik avadanlıqları yenidən quraşdırılıb, 4 ədəd elektrik mühərriki, 3 ədəd nasos aqreqatı əsaslı təmir olunaraq istismara verilib.

Ötən il idarə tərəfindən 543 hektar arpa, 6911 hektar buğda, 619 hektar qarğıdalı, 50 hektar tütün, 115 hektar günəbaxan, 3560 hektar yonca, 266 hektar təbii biçənək, 5353 hektar bostan-tərəvəz, 785 hektar üzüm, 290 hektar meyvə bağları, 35 hektar fındıq bağları, 75 hektar meşə ərazisi və 4777 hektar həyətyanı sahələr suvarılıb. Fermelər cari ildə idarənin gördüyü iş nəticəsində öz təsərüfatlarını növbəli şəkildə suvardıqlarını, hazırda da əkin sahələrinin suvarılmasında çətinliklərinin olmadığını bildirirlər.

Su mənbələri olaraq Kür çayı, Tovuzçay, Zəyəm çayı və Axınca çaylarınla yanaşı, rayon ərazisindəki Tovuzçay və Axıncaçay su anbarları da suvarmada mühüm rol oynayır. 2016-cı ildə istismara verilmiş və tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarı 20000 hektar torpaq sahəsinin suvarılmasının yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan və Ermənistan sərhədində yerləşən Axıncaçay su anbarı 1965-ci ildə istismara verilib. Kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə inşa edilən bu anbarın ümumi həcmi 14 milyon kubmetrdir, suvarma sahəsi isə 7400 hektardır. Hər iki anbar mütəmadi olaraq təmizlənir və texniki qurğular təmir edilir və ya yenisi ilə əvəz olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.