REGİONLAR
Tovuz Təcrübə Stansiyasının Sarıtala ərazisində milli kartof sortlarının toxumları yetişdirilir
Bakı, 30 iyul, AZƏRTAC
Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, institutun Şəmkir Dayaq Məntəqəsi ilə yanaşı, Tovuz rayonunda yerləşən Təcrübə Stansiyasının dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Sarıtala ərazisindəki əkin sahələrində milli kartof sortlarının toxumları yetişdirilir. Burada rayonlaşdırılmış “Telman”, “Sevinc”, “Əmiri-600” sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalı ilə yanaşı, yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının, həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.
Biotexnologiya laboratoriyasında əldə edilmiş virussuz kartof miniyumrularının əkinləri də ilk olaraq burada reallaşdırılıb.
Qeyd edək ki, toxumluq kartofun dağlıq ərazilərdə əkini aprel ayının ikinci yarısında, yığımı isə sentyabr ayının ikinci ongünlüyündən oktyabr ayının birinci ongünlüyünə qədər aparılır.