ELM VƏ TƏHSİL
Tovuz bölgəsinin neolit dövrü abidələrində kompleks arxeoloji tədqiqatlar davam edir
Bakı, 9 iyul, AZƏRTAC
Cari il iyunun əvvəllərindən Tovuz arxeoloji ekspedisiyası bölgə ərazisində arxeoloji tədqiqat işlərini davam etdirib. Uzun illər ekspedisiyanın işinə rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Tovuzdakı Göytəpə və ətrafındakı digər neolit dövrünə aid erkən kənd tipli arxeoloji kompleksin multidistsiplinar tədqiqatlarına xüsusi önəm verib. Ekspedisiyanın tərkibində AMEA-nın arxeologiya və antropologiya ixtisası üzrə gənc magistrləri də təmsil olunublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə böyük heyətlə çalışan ekspedisiya Göytəpə arxeoloji kompleksinin əvvəlki illərdə araşdırılmış qazıntı sahələrində daha erkən tikili horizontlarının üzə çıxarılması məqsədilə çöl-tədqiqat işlərini həyata keçirib. Nəticədə qədim yaşayış yerinin iriölçülü bina tikililəri və çoxlu sayda arxeoloji materiallar aşkarlanıb.
Bundan əlavə, Yaponiyanın Tokio Universiteti və Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) mütəxəssislərinin birbaşa iştirakı ilə bölgənin neolit əhalisinin qida rasionunun təyini məqsədilə araşdırmalar aparılıb. Belə ki, Göytəpə arxeoloji kompleksində aşkarlanan keramika məmulatları üzərindəki süd məhsulları izlərinin müəyyənləşdirilməsi üçün ilk dəfə çöl şəraitində lipid analizləri həyata keçirilib. Ekspedisiya Göytəpə qədim yaşayış yerindən dörd kilometr aralıda yerləşən Menteştəpə qədim yaşayış yerinin Neolit dövrünə aid qəbirlərindən və tunc dövrünə aid Topdağdağan nekropolunun insan sümüklərindən götürülən nümunələrin izotop analizlərinin aparılmasına nail olub.
Həmçinin ekspedisiyanın fəaliyyəti dövründə Hacəttəpə Universitetinin antropologiya fakültəsinin professoru, doktor Yılmaz Səlim Ərdal ölkəmizə ezam edilərək Göytəpədə aparılan elmi tədqiqat işləri ilə tanış olub. Azərbaycan ərazisində aşkarlanan neolit insanlarının skletlərindən DNT-analizi üçün nümunələrin gələcək illərdə Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş xüsusi laboratoriyalarında arxeo-genetik araşdırılmasının təşkili ilə bağlı müştərək proqramın konturları müəyyənləşdirilib. Qərara alınıb ki, Göytəpənin neolit sakinlərinin qəbirlərinin aşkarlanması məqsədilə 2019-cu ildəki qazıntı mövsümündə təpənin üzərində geo-fiziki çəkilişlər aparılsın.
İyulda Göytəpə qədim yaşayış yerindən şərqə tərəf bir kilometr aralıda olan Kiçiktəpə neolit dövrü abidəsində tədqiqat işlərinin davam etdirilməsi də Tovuz arxeoloji ekspedisiyasının fəaliyyət planına daxildir. Ekspedisiya tərəfindən aşkarlanan Kiçiktəpə qədim yaşayış yerinin tədqiqatlarına Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) mütəxəssisi, doktor Culio Palumbi başda olmaqla fransalı arxeoloqlardan ibarət heyət cəlb edilib. Tovuz bölgəsində kompleks elmi tədqiqat işlərinin aparılmasında ekspedisiya tərəfindən multidistsiplinar (arxeometrik) araşdırmalara üstünlük verilməsi Azərbaycandakı qədim arxeoloji mədəniyyətlərin formalaşması problemlərinin təhlilini gündəmə gətirir.