CƏMİYYƏT
Tovuz döyüşləri qələbəyə doğru gedən yolun başlanğıcı kimi qiymətləndirilə bilər
Bakı, 16 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində irimiqyaslı hərbi əməliyyat planı həyata keçirməyə çalışdılar. Təbii ki, Azərbaycanın sayıq hərbçiləri müqəddəs sərhədimizi göz bəbəyi kimi qoruyurdular və düşmənə layiqli cavab verərək, onların məkrli planlarına görə özlərini peşman etdilər. Ağır itki verən ilan öz yuvasına çəkilsə də, zəhərinin bir hissəsini tökməyə macal tapdı – dağ kimi igidlərimiz şəhid oldu.
Bu, döyüşdür və döyüşdə itkilərin olması da təbiidir. O da təbiidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq və onların qisası layiqincə alındı.
Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli söyləyib. O deyib: “Hələ də davam edən iyul döyüşlərinin ilk günlərindən hansı dərsləri aldıq? Hər şeydən əvvəl, məkrli düşmənin hiylə və yalanlarını dünya ictimaiyyəti, güclü dövlətlər qarşısında anındaca ifşa etmək, qızıl-qırmızı yalanların ayaq tutub yeriməsinə qətiyyən imkan verməmək. Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi ilə bu məsul vəzifənin öhdəsindən də layiqincə, yüksək səviyyədə gələ bildi. Bir çox dövlətlərin bu ağır günlərdə Azərbaycan xalqının, dövlətinin yanında olması faktı bunun parlaq göstəricisi kimi nəzərdən keçirilə bilər. Hamıya aydın oldu ki, Azərbaycan Respublikası 25-30 il əvvəlki Azərbaycan deyil; artıq ermənilərin timsah göz yaşları heç bir dünya dövlətini, vicdanlı diplomatları aldatmaq gücünə malik deyil. “Adımı sənə qoyum, səni yana-yana qoyum” diplomatiyası işləmir və bundan sonra da ağlı başında, vicdanı ürəyində olan heç bir namuslu insanın yanında işləməyəcək!
İkincisi, hətta təcavüzkar, oyuncaq ölkənin daxil olduğu hərbi alyans da artıq ağına-bozuna baxmadan cığal uşaq kimi yalandan ağlaya-ağlaya üstünə qaçan məkrli infantil ermənini ciddiyə almayacaq dərəcədə, kor-kor, gör-gör haqqı nahaqqa verməyəcək dərəcədə ayılıbdır.
İyul döyüşlərinin ilk günləri məhz bu həqiqətləri meydana çıxardı və bu, qələbəyə doğru gedən yolun başlanğıcı kimi də qiymətləndirilə bilər”.