REGİONLAR
Tovuz rayonunda meyvə bağlarının ümumi sahəsi 1324 hektara çatdırılıb
Tovuz, 18 fevral, Rauf Hacıyev, AZƏRTAC
Keçən il Tovuz rayonunda meyvə bağlarının ümumi sahəsi 1324 hektara çatdırılıb. Həmin bağlardan 17 min 662 ton məhsul götürülüb. Bu, əvvəlki ildəkindən 1652 ton çoxdur. Hazırda rayonda meyvə bağlarının əksəriyyəti ənənəvi üsulla salınmış bağlardır.
Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son dövrlərdə Alakol, Düz Qırıqlı, Aşağı Quşçu kəndlərində, Qovlar şəhəri ərazisində müasir bağçılıq təsərrüfatlarının yaradılmasına başlanılıb.
Ötən il 12 hektar sahədə yeni bağ salınıb. Həmçinin Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ötən il meşə ağaclarından meyvə ağaclarına keçid layihəsi çərçivəsində 70 hektarda qoz, badam, ərik tinglərindən ibarət aqrobağ salınıb. Hazırda aqrobağların sahəsi 180 hektardır.
Rayonda meyvəçiliyin sürətli inkişafı saxlama-soyuducu kameralarının tikintisini də zəruri edib. Ötən il Əyyublu, Alakol və Aşağı Quşçu kəndlərində ümumi tutumu 1000 ton olan soyuducu kameralar tikilib.