REGİONLAR
Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri keçirilib VİDEO
Tovuz, 26 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Mayın 26-da Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub. Tədbir çərçivəsində mərkəzdə könüllülər tərəfindən müxtəlif tullantılardan hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, rayon rəhbərliyi, ictimaiyyətinin nümayəndələri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.
“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov jurnalistlərə açıqlamasında deyib: “Sərgi-satışdan əldə edilən gəlir şəhid ailələri və qazilərimizin problemlərinin həllinə yönəldiləcək. Bilirsiniz ki, bu sərgi Tovuz regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən təşkil olunub və bu, gənclərimizin necə vətənpərvər ruhda tərbiyə olunmasının bariz nümunəsidir. Tədbirin maraqlı məqamı və əsas məqsədi ondan ibarətdir ki, bu sərgidən əldə olunacaq gəlir YAŞAT fonduna ianə ediləcək”.
“Məqsədimiz lazım olmayan əşyalara, tullantılara yeni nəfəs vermək idi. Buradan əldə edilən gəlir YAŞAT Fonduna köçürülür. Bundan çox qürurluyuq”, – deyə “Yaşıl ASAN”ın əməkdaşı Leyla Zeynalova bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.