REGİONLAR
Tovuz və Şəmkirdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tovuz, 22 noyabr, Famil Quliyev, AZƏRTAC
Tovuz və Şəmkir rayonlarında 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Məhkəməsinin, qeydiyyat şöbəsinin və notariat kontorunun kollektivləri əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Əlamətdar günə həsr olunan tədbirdə rayon məhkəməsinin sədri Qafil Baxşıyev peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edib.
Çıxışlarda Azərbaycanın ədliyyə və məhkəmə sisteminin tarixindən, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından danışılıb, bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Sonra tədbir iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara və fotoşəkillərə baxıblar.
X X X
AZƏRTAC xəbər verir ki, Şəmkir rayonunda Ədliyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirin iştirakçıları - rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, idarə və təşkilat rəhbərləri, Şəmkir Regional Ədliyyə İdarəsinin məhkəmə, notariat kontorunun və qeydiyyat şöbəsinin əməkdaşları şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon məhkəməsinin sədri Könül Məmmədov və başqaları çıxış edərək, ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik ediblər. Qeyd olunub ki, hər il noyabrın 22-nin ədliyyə orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirdə əsrə yaxın şanlı tarixi olan Azərbaycan Ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisi, sabitliyi və təhlükəsizliyi təmin olunur, ədliyyə və məhkəmə sistemində uğurlu islahatlar aparılır.