ELM VƏ TƏHSİL


“Tovuzçay nekropolu” kitabı nəşr olunub

Bakı, 22 iyun, AZƏRTAC

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, professor Nəcəf Müseyiblinin, tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfov və Müzəffər Hüseynovun həmmüəllifləri olduqları “Tovuzçay nekropolu” kitabı nəşr olunub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kitab Son Tunc-İlk Dəmir dövrünə aid (e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəli) I Tovuzçay nekropolunda aparılan arxeoloji qazıntıların nəticələrindən bəhs edir.

Nekropolda qazıntılar 2004-2005-ci illərdə müəyyən fasilələrlə Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz Boru qaz kəmərlərinin tikintisi ilə əlaqədar kəmərlərin marşrutundakı arxeoloji abidələrin öyrənilməsi proqramına uyğun olaraq aparılıb. Nekropolun “I Tovuzçay” adlandırılması 2014-cü ildə Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi zamanı boru marşrutunun Tovuzçay hövzəsindən keçən hissəsində eyni dövrə aid yeni nekropolun (II Tovuzçay nekropolu) aşkar edilməsi ilə bağlıdır.

Tovuz rayonunun Bozalqanlı və Əlimərdanlı kəndləri arasında, Tovuzçayın hündür sol sahilində yerləşən I Tovuzçay nekropolunun boru kəmərləri dəhlizinə düşən hissəsində aparılmış arxeoloji işlər zamanı 109 qəbir abidəsi qazılıb. Ümumilikdə I Tovuzçay nekropolundakı 109 qəbrin 83-ü kitabın müəlliflərinin rəhbərliyi ilə tədqiq edilib. Kitabda məhz müəlliflərin bilavasitə rəhbərliyi ilə qazılıb tədqiq olunan qəbirlər əsasında I Tovuzçay nekropolunun xüsusiyyətləri araşdırılır, abidənin xarakteri, hövzənin qədim sakinlərinin dini ideologiyası əsasında formalaşmış dəfn adətləri müəyyən edilir və qəbirlərdən tapılmış çoxsaylı artefaktlar müqayisəli şəkildə təhlil olunur. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid bu qəbirlərdə maraqlı dəfn adətləri öyrənilib, zəngin materiallar – saxsı qablar, metaldan məişət əşyaları, bəzəklər və silahlar, müxtəlif materiallardan muncuqlar və s. aşkar edilib.

Kitab arxeoloqlar, antropoloqlar, ali məktəblərin tarix fakültələrinin tələbələri və müəllimləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.