REGİONLAR
Tovuzda 100 mindən çox sakin pulsuz tibbi müayinələrə cəlb olunacaq
Tovuz, 12 fevral, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, ölkə ərazisində əhalinin növbəti pulsuz tibbi müayinə aksiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, fevralın 12-dən Tovuzda da əhalinin tibbi müayinədən keçirilməsinə start verilib. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib olunub, müayinə olunacaq əhalinin sayı müəyyənləşdirilib. Mayın 12-dək davam edəcək aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 100 mindən çox sakinin müayinədən keçirilməsi nəzərdə tutulur.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tibbi müayinələrin mütəşəkkil qaydada keçirilməsi üçün təcrübəli, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb, cədvəl tərtib olunub. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada ilk gündən fəal iştirak edirlər. İlkin xəstəliklərin aşkar olunması, belə xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində mühüm əhəmiyyət kəsb edir.
Əhalinin müayinə olunması üçün rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində hər cür şərait yaradılıb. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs və digər müayinə kabinetləri əhaliyə pulsuz xidmət göstərəcək. Poliklinikadan başqa, 8 xəstəxana və 26 həkim məntəqəsində də əhalinin pulsuz tibbi müayinəsi aparılacaq. Tibbi müayinəyə gəlmək imkanı olmayan sakinlərə xidmət göstərmək üçün səyyar həkim briqadaları yaradılıb.
Müayinədən keçən tovuzlular bu xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.