REGİONLAR


Tovuzda 60 hektar sahədə tütün plantasiyasının salınması nəzərdə tutulub

Tovuz, 29 aprel, Rauf Hacıyev, AZƏRTAC

Son illərdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə görülən tədbirlər tovuzlu fermerlərin də bu sahəyə marağını artırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuz rayonu üçün ənənəvi sahə olan və gəlir gətirən tütünçülüyün son illərdə yenidən dirçəldilməsi fermerləri daha səmərəli üsulları tətbiq etməyə həvəsləndirir.

Tovuzlu tütünçülər təklif edirlər ki, yaş tütün yarpağı yerlərdə təhvil götürülərsə, onda hər hektarın məhsuldarlığı daha da yüksələr və bu sahənin rentabelliyi arta bilər. Həmin təşəbbüs nəzərə alınaraq, kənd təsərrüfatı istehsalçılarına kömək məqsədilə rayonda tütün qurutma məntəqəsi yaradılacaq. Hazırda “Tovuz Agro Sənaye” MMC nəzdində tütün qurutma məntəqəsinin tikintisinə başlanılıb.

Tütünçülükdə sağlam və standart şitil yetişdirilməsinin böyük əhəmiyyəti var. Qovlar şəhərində, Xatınlı, Aşağı Mülkülü, Aşağı Öyusüzlü kəndlərindəki istixanalarda bu sahədə yaxşı nəticələr əldə olunub və bu yerlərə uyğunlaşmış “Virciniya” sortlu tütün şitili yetişdirilib. Bu il rayonda 50-60 hektar sahədə tütün plantasiyası salınması nəzərdə tutulub. Hazırda tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Fermerlərin özlərinin yetişdirdikləri şitillərlə yanaşı, “Oğuz Aqro İndustry” MMC əlavə olaraq tütünçüləri daha məhsuldar tütün şitilləri ilə təmin edir.

Fermerlər xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə yaz-tarla işlərini aqrotexniki qaydada və vaxtında həyata keçirirlər. Hazırda tütün sahələrində qızğın iş gedir. Basdırılan şitillər suvarılır və onlara aqrotexniki qaydada qulluq göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.