ELM VƏ TƏHSİL


Tovuzda “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində təlimlər davam edir

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli müəllimlərinin, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər televiziya verilişlərinin yayım şirkətlərinin əməkdaşları olan dinləyicilər tərəfindən böyük maraqla qarşılanır. Layihə çərçivəsində növbəti tədbirlər Tovuz rayonunda keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Dilçilik İnstitutu monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Tovuzun “ARB24 Xəbər” televiziyasında “Telekanallarda üslub xətalarının aradan qaldırılması” mövzusunda təlim keçib. Alim dinləyicilərə üslub yanlışlıqlarının təkrarlanmaması üçün konkret tövsiyələrini bildirib, fikirlərini nümunələrlə əsaslandırıb.

Dilçilik İnstitutunun monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyevanın “Terminlər, neologizmlər, xüsusi adlar və abreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda apardığı təlim də maraqla qarşılanıb.

Alimlər, həmçinin televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.

Layihə çərçivəsində digər görüşlər Tovuz Mərkəzi Kitabxanası və Gənclər Evində təşkil olunub.

N.Qazıyeva kitabxanada gənclərə mütaliə mədəniyyətinin insan düşüncəsinin inkişafındakı rolundan bəhs edib, dilin daha dəqiq mənimsənilməsi və fikirlərin daha düzgün çatdırılması baxımından bədii mütaliənin əhəmiyyətindən söz açıb.

Gənclər Evində açıq müzakirə formatında keçirilən görüşdə S.Əliyeva şifahi nitq zamanı üslub xətalarının aradan qaldırılması yollarını göstərib.

Qeyd edək ki, “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində ilk təlimlər Xəzər Televiziyasında aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.