REGİONLAR
Tovuzda İsə Musayev küçəsinin sakinlərindən şəhidlərimizə böyük ehtiram FOTO VİDEO
Tovuz, 26 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Vətən müharibəsindən əvvəl işğalçının təxribatına layiqli cavab verən Tovuzda İsə Musayev küçəsi yoldan keçənlərin diqqətini çəkir.
AZƏRTAC xəbər verir ki, bu küçədə divara 300-dən çox şəhidin fotosu vurulub. İdeyanın təşəbbüskarı yerli sakinlərdir. Onlar divardakı lövhəyə təkcə şəhid hərbçilərimizi deyil, həlak olan mülki şəxslərin də şəkillərini yerləşdiriblər. Məqsəd şəhidlərimizi gənc nəslə tanıtmaqdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, küçənin adını daşıdığı İsə Musayevin döyüş yoldaşı Nadir Ələkbərov bildirib ki, vətənpərvərlik hər yerdə olmalıdır: “Xalqımız öz qəhrəmanlarını heç zaman unutmayacaq. Gənclərimiz görsünlər ki, necə vətənpərvər oğullarımız, qızlarımız var. Qoy onlar da belə vətənpərvər olsunlar”.
Fotoları toplamaq elə də asan olmayıb, küçənin sakinləri bir-birinə canla-başla kömək ediblər. Həmsöhbətimiz Ulduzə Əliyevə deyib ki, həyətindəki divara şəhidlərimizin fotolarından ibarət uzunluğu 7 metrdən çox olan lövhə vurulacağını biləndə qürur hissi duyub. Yaxınlıqda isə bulaq var, hər kəs burada ayaq saxlayıb, sərin sudan içir, şəhidlərimizə rəhmət oxuyur.
Mülki şəhidlərin, hətta qətlə yetirilən körpə uşaqların fotolarının olduğu bu guşə gecə saatlarında da işıqlandırılır.
“Düşündük ki, uşaqlarımız küçədə oynayanda gəlib bu lövhəyə baxsınlar, şəhidlərimizi tanısınlar. Bu, şəhid analarına da bir təsəllidir. Oğullarının şəkillərini görürlər, bizə zəng edib, təşəkkür edirlər. Qonşuların hər biri bu işdə bizə dəstək olub”, – deyə kənd sakini Elmar Musayev qeyd edib.
Lövhədə Vətən müharibəsinin şəhidləri haqqında qısa məlumat da yazılıb. Küçənin aşağı hissəsində də eyni formada lövhə və bulaq kompleksi var. Şəhid İsə Musayev küçəsinin sakinləri Şəhidlər kompleksi adlandırdıqları bu məkanı göz bəbəyi kimi qoruyur, abad, təmiz və hər kəs üçün əziz bir yer kimi saxlayır...