REGİONLAR
Tovuzda Milli Qurtuluş Günü ilə bağlı bayram tədbiri təşkil edilib
Tovuz, 16 iyun, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Tovuz şəhərində bayram tədbiri keçirilib.
Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açıq hava şəraitində qurulmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlar, ağac üzərində oyma işləri, dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Tədbir Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində özfəaliyyət dərnəyi və uşaq musiqi məktəbi müəllim və şagirdlərinin hazırladığı geniş bayram konserti ilə davam etdirilib.