REGİONLAR
Tovuzda baramaçılığın inkişafı üçün 26 min tut tingi əkilib
Tovuz, 18 fevral, Rauf Hacıyev, AZƏRTAC
Son illərdə Tovuz rayonunda kənd təsərrüfatının inkişaf edən ənənəvi sahələrindən biri də baramaçılıqdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Tovuzda 9 ton 781 kiloqram barama istehsal edilib. Bu əvvəlki ildəkindən 2 min 911 kiloqram çoxdur.
Vurğulanıb ki, rayonda baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər növbəti illərdə bu sahənin daha da genişləndirilməsinə imkan verəcək. Belə ki, son iki ildə rayonda 16 min ədəd xaricdən gətirilən, 10 min ədəd isə yerli tut tingi əkilib.
Cari il üçün Tovuzda barama istehsalının daha da artırılması nəzərdə tutulub. Hazırda rayonda barama saxlama yerlərinin qısa müddətdə hazırlanması istiqamətində iş aparılır.