REGİONLAR
Tovuzda bərk məişət və plastik tullantıların idarə edilməsi məsələləri müzakirə olunub
Tovuz, 8 iyun, Rauf Hacıyev, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə əlaqədar işgüzar görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə aidiyyəti strukturların rəhbərləri, Tovuz rayonunun və ətraf rayonların yerli idarəetmə orqanlarının nümayəndələri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər müzakirə olunan məsələnin əhəmiyyətindən danışıblar. Bildirilib ki, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin uğurla icra edilməsi Tovuz rayonu üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki səfalı təbiətə malik Tovuzda da bərk məişət və plastik tullantılar əsaslı şəkildə ətraf mühiti çirkləndirir. Rayonun bütün ərazisində ətraf muhitin bərk məişət və plastik tullantılarla çirklənməsinin qarşısının alınması üçün daha məqsədyönlü işlər görülməli, əhali arasında, təhsil müəssisələrində maarifləndirmə tədbirləri genişləndirilməlidir.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş məlumat verib.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı mütəxəssisi Suqra İbrahimlinin, ekoloji siyasət sektorunun müdiri Mehman Nəbiyevin, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Afiyət Mikayılovun, İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” ASC-nin layihələrin idarə olunması sektorunun müdiri Orxan Hüseynovun çıxışları dinlənilib.
Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.