REGİONLAR
Tovuzda bir şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması yekunlaşır VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Tovuz rayonunda bir şəhər və 4 kəndi əhatə edən, ümumi uzunluğu 36 kilometr olan avtomobil yollarının IV texniki dərəcəyə uyğun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunlar M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və Əyyublu kəndinin uzunluğu 17 kilometr olan, Aran kəndinin 4,4 kilometr uzunluğunda, Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin 7,6 kilometrlik, həmçinin Aşağı Quşçu kəndinin uzunluğu 5 kilometr olan və Koxanəbi kəndinin 2 kilometrlik avtomobil yollarıdır. Layihəyə uyğun olaraq, yollar boyu torpaq yatağının yararsız qruntu çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılıb.
Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kvadratmetrdən çox sahəsində aparılacaq. Bundan başqa, asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.