REGİONLAR
Tovuzda bitkiçilik məhsullarının əkin sahələri artırılıb
Tovuz, 12 iyul, AZƏRTAC
Cari ildə Tovuz rayonunda kartofçuluq, taxılçılıq, üzümçülük, tütünçülük və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişlənib, idxalı əvəz edən ixracyönümlü yerli istehsalın yaradılması əsas prioritet istiqamətlərdən birinə çevrilib.
Tovuzçay su anbarının istifadəyə verməsi və qeyri-neft sektorunun inkişafına yönələn ardıcıl islahatlar əkin sahələrinin artmasına səbəb olub.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin məhsulu üçün 26439 hektar sahədə əkin aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1287 hektar və ya 5,1 faiz çoxdur.
Rayonda yazlıq bitkilərin kütləvi əkini əsasən basa çatıb. Yaz tarla işləri dövründə havaların müəyyən hallarda əlverişsiz keçməsi də ayrı-ayrı bitkilərin səpininə təsir etməyib.
Bu ilin məhsulu üçün olan əkinlərin 629 hektarı və yaxud 2,4 faizi kənd təsərrüfatı müəssisələri, 25811 hektarı və yaxud 97,6 faizi əhali təsərrüfatlarına məxsusdur.
Ötən illə müqayisədə kartof 529 hektar, dənli bitkilər 439 hektar, tərəvəz 45 hektar, günəbaxan 93 hektar, yem bitkiləri əkini isə 38 hektar artıb. Rayonda ilk dəfə olaraq 20 hektar tütün və 110 hektar şəkər çuğunduru əkilib.
Hazırda aqrotexniki tədbirlər vaxtında və keyfiyyətli aparılır və bol məhsul gözlənilir.