REGİONLAR
Tovuzda bu mövsüm 8 min kiloqram yaş barama istehsalı nəzərdə tutulur
Bakı, 14 iyun, AZƏRTAC
Cari ildə Tovuz rayon ərazisində 62 kümçü tərəfindən 200 qutu barama toxumu bəslənib. Mövsüm ərzində 8 min kiloqram yaş barama istehsal olunması gözlənilir.
AZƏRTAC xəbər verir ki, kümxanalarda yaş baramanın istehsalına başlanıb. İstehsal olunan məhsulun tədarükü ilə əlaqədar Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində qəbul məntəqəsi təşkil edilib, müvəqqəti saxlanılması üçün mühafizə olunan qapalı sahə ayrılıb, mütəxəssislərin işləməsi üçün lazımi şərait yaradılıb.
Baramanın əvvəlcədən növlər üzrə çeşidlənməsi, məhsulun keyfiyyəti əsasında qəbulu, düzgün qiymətləndirilməsi işləri təşkil olunub, “Azəripək” MMC-nin nümayəndəsinin və kümçülərin iştirakı ilə tərtib olunmuş aktlar əsasında təhvil verilməsi təmin edilib. Mövsümün ilk günlərində “Azəripək” MMC-nin rayondakı qəbul məntəqəsinə ümumilikdə 2500 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil verilib.