CƏMİYYƏT
Tovuzda evə daxil olaraq qadından quldurluq yolu ilə pul və qızıl tələb edən şəxslər saxlanılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan qadının evinə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Tovuz rayonunun Hacallı kənd sakini Zərniyar Səmədova rayon polis şöbəsinə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan iki nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib.
Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin rayonun Mülkülü kənd sakini 24 yaşlı Azad Ələkbərov və onun tanışı Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyənləşdirilib.
Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf ediblər. Cinayətin törədilməsində istifadə edilən bir ədəd maska istintaqa təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.