CƏMİYYƏT
Tovuzda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb



Bakı, 30 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Tovuz rayonunun Əsrik Cırdaxan kəndində fiziki şəxs Zeynalov Polad Əsgər oğluna məxsus “Loğman” kafesində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Kafedə çalışan işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, döşəmənin tamlığının pozulduğu, döşəmə, tavan və divarların asan yuyulub təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, həmçinin ərzaq məhsullarının saxlanma temperaturunun gözlənilmədiyi, üzərində etiket məlumatları olmayan və mənşəyi bilinməyən qida məhsulları müəyyən edilib.
Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin sanitariya norma və qaydalarına cavab vermədiyi üçün mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.