CƏMİYYƏT


Tovuzda günərzi qayğı mərkəzinin fəaliyyətinə baxış olub

Bakı, 15 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov nazirliyin sifarişi ilə Tovuz rayonunda yaradılmış günərzi qayğı mərkəzinin fəaliyyətinə baxış keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev mərkəzin kollektivi ilə görüşündə bildirib ki, Prezident İlham Əliyevin bu il iyunun 1-də imzaladığı Sərəncamının icrası işləri çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi işləri aparılır. Ölkəmizin bölgələrindəki günərzi xidmət mərkəzlərinin sayı da artırılır. Həmin mərkəzlərin sayı iki dəfədən çox artırılaraq 60-a yaxın olacaq. Bununla artıq demək olar ki, hər bir bölgədə müvafiq kateqoriyadan olan uşaqlar üçün günərzi xidmət mərkəzi olacaq.

Mərkəzdə yaradılmış şərait, buradakı günərzi qayğı xidmətləri, uşaqlarla aparılan işlər nəzərdən keçirilib. Nazir mərkəzin fəaliyyəti, uşaqlara göstərilən reabilitasiyayönümlü sosial xidmətlərlə bağlı müvafiq tapşırıqlar verib.

Mərkəzin fəaliyyətində məqsəd çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasıdır. Buraya uşağını təkbaşına böyüdən ailələrin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqları cəlb edilib.

Mərkəzdə 30-dək uşağın (3-12 yaş arasında) yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanması, müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Burada fəaliyyət göstərən pedaqoq, tərbiyəçi, psixoloq, musiqi müəllimi, aşpaz və digər sosial işçilər onlara müxtəlif bacarıqların aşılanması üçün çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.