REGİONLAR
Tovuzda heyvanlar arasında profilaktik tədbirlər uğurla davam etdirilir
Bakı, 26 aprel, AZƏRTAC
Bu il yanvarın ilk günlərindən başlayaraq Tovuz rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.
Bu ilin əvvəlindən indiyədək rayonun ayrı-ayrı təsərrüfatlarında 46 min 283 baş iribuynuzlu, 3 min 347 baş təkdırnaqlı heyvanda qarayara, 7 min 939 baş sahibli itdə quduzluq, 34 min 9730 baş cücədə Nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Fevraldan isə rayon ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bu vaxtadək 46 min 565 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Martın ilk günlərindən Rayon Baytarlıq İdarəsi sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsünü başa çatdırıb və peyvəndləmə tədbirinə başlayıb. Artıq 39 min 461 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı və 110 min baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Bununla yanaşı, 9 min 380 kvadratmetr sahədə profilaktik, 50 kvadratmetr sahədə isə məcburi dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərlə əlaqədar ölkəmizdə epizootik vəziyyət sabitdir.