REGİONLAR
Tovuzda kartofun kütləvi yığım öncəsi son suvarılması aparılır VİDEO
Tovuz, 21 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Bu il kartofçuluqla məşğul olan fermerlər sahələrdən bol məhsul gözləyirlər. Son suvarılması həyata keçirilən bu bitkinin bir neçə gündən sonra yığımına Tovuzun aran hissəsindən start veriləcək.
AZƏRTAC xəbər verir ki, bu il Tovuzda təxminən 6 min hektara qədər sahədə kartof əkilib. Qırx ildir kartofçuluqla məşğul olan fermer Atakişi İmaməliyev deyir ki, səpinin vaxtından asılı olaraq mayın 15-25-dən başlayaraq kartofun ilk suvarılması həyata keçirilir. Məhsul yığılana qədər isə vəziyyətdən asılı olaraq 6, bəzən 8 dəfə su verilməli olur. Hazırda son suvarma işini aparan fermer ehtiyac olsa, bir neçə gündən sonra bir dəfə də kartofu suvarmağı düşünür.
“Bu il kartof sahəsinin suya ehtiyacı olan dövrdə bir neçə gün yağış yağdı, suvarmada çətinliyimiz olmadı. İndi də suvarmamızı aparırıq. Bundan sonra sahə bir dəfə də suvarılacaq ki, məhsuldarlıq bol və keyfiyyətli olsun. Əgər biz suvarmanı gecikdirsək, kartofda ikinci böyümə deyilən proses gedəcək, nəticədə məhsul formasını itirəcək, məhsuldarlıq az olacaq”, – deyə fermer Atakişi İmaməliyev bildirib.
Digər fermer Vüqar Abdullayev isə sonuncu suvarmasını aparır. Suvarmadan çox onu indidən alıcılar tapa bilməməsi narahat edir: “İki hektardan çox sahədə kartof əkmişəm, hazırda 7-ci suvarma suyunu verirəm. Bu il suvarma yaxşı olub, çətinliyimiz kartofun satışı ilə bağlıdır”.
Suvarma apararkən bəzi məqamlara fikir vermək vacibdir. Adətən fermerlər sahələri məhz bu işi bacaran təcrübəli insanlara gördürürlər. Bir hektarı suvarmaq üçün fermer suçuya 40 manat ödəyir. Suçular sahəni sübh erkəndən, sərin saatlarda suvarmağa başlayır və hava isindikdən sonra yekunlaşdırmağa çalışırlar.
Yaxın günlərdə rayonun aran hissəsində də kartofun kütləvi yığımına başlanacaq.