CƏMİYYƏT
Tovuzda maarifləndirmə tədbiri keçirilib
Bakı,1 iyul, AZƏRTAC
İyunun 30-da Tovuz Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi, azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, Tovuz rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, İcra Hakimiyyətinin əməkdaşı Akif Ələkbərov, müəllim, psixoloq və gənclər iştirak ediblər.
Çıxışlarda mənəvi dəyərlərimizin qorunması və inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri vurğulanıb. Qeyd olunub ki, azərbaycançılıq ideologiyasının əsası Ümummilli Liderimiz tərəfindən qoyulub və hazırda bu ideologiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O da bildirilib ki, milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində işlərin görülməsi vacibdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.