CƏMİYYƏT
Tovuzda narkomaniya əleyhinə tədbir keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını davam etdirir.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti tədbir Tovuz şəhərində baş tutub. YAP-ın Tovuz təşkilatının qərargahında keçirilən tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb.
Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov deyib ki, narkomaniyaya qarşı illərdi müxtəlif metod və vasitələrlə mübarizə aparılır. S.Ələsgərov vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirərək, cəmiyyətin bu bəlaya qarşı birgə mübarizə aparmasının vacib olduğunu bildirib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqdır. Ç.Bayramov deyib ki, layihə Bakı şəhəri ilə yanaşı, həm də Tovuz, Qazax, Ağcabədi, Şirvan və Biləsuvar rayonlarını əhatə edir.
Milli Məclisin deputatı Qənirə Paşayeva narkomaniyanın cəmiyyətə vurduğu zərərdən danışıb. Q.Paşayeva deyib ki, narkotik maddələrdən asılılıq insanın təkcə fiziki deyil, həm də əqli fəaliyyətinə mane olur, zehni inkişafı əngəlləyir.
Sonda tədbir iştirakçılarına Qənirə Paşayevanın zərərli vərdişlərin fəsadlarından bəhs edən “Sağlamlığın öz əlində...” kitabı təqdim olunub.