CƏMİYYƏT
Tovuzda partlamamış hərbi sursatın aşkarlanması barədə məlumat təsdiqini tapmayıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də saat 08:53-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz şəhəri Mərdan Musayev küçəsi 17 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və DİN-in Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Agentliyin mütəxəssisləri ev sahibəsinin göstərdiyi əlli kvadratmetr ərazini yerüstü yoxlayıb, bir çalanı doxsan santimetr dərinliyində qazıb, heç bir təhlükəli əşya və qurğu aşkarlamayıblar. Verilən məlumatın yanlış olduğu müəyyənləşdirilib.
Yanvarın 1–dən mayın 18-dək ANAMA tərəfindən 3507 ədəd partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 81 min 565 kvadratmetr ərazi yoxlanılıb.