REGİONLAR
Tovuzda sahibkarlar Dövlət Gömrük Komitəsi tərəfindən biznes mühitinin yaxşılaşdırılması barədə məlumatlandırılıb
Bakı, 11 may, AZƏRTAC
Tovuzda sahibkarlara Dövlət Gömrük Komitəsi tərəfindən biznes mühitinin yaxşılaşdırılması barədə məlumat verilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 11-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində yerli iş adamları ilə qeyri-neft məhsullarının istehsalı və ixracın stimullaşdırılması mövzusunda görüş keçirilib. İctimai Şuranın təşkil etdiyi görüşdə Tovuz Gömrük İdarəsinin ərazisində - Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkirdə fəaliyyət göstərən sahibkarlarla yanaşı, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.
Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolundan, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib. İdarə rəisi Dövlət Gömrük Komitəsi tərəfindən son illər biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və biznes subyektlərinə dəstəyin genişləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
İdarə rəisinin müavini Çingiz Əsədov son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində gömrük orqanlarının da bütün səyləri səfərbər etdiyini bildirib, idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi nəticəsində ölkəmizin ixrac potensialının artdığını diqqətə çatdırıb.
Sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək qeyri-neft sektorunun inkişafında regionların və yerlərdə çalışan iş adamlarının rolundan, eləcə də ölkə rəhbərliyinin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Şəmkirdə görülən işlərdən danışıb.
“Şəmkir Aqropark”ın direktoru Qüdrət Seyfullayev aqroparkın yaradılmasını ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılacağına səbəb olacağını bildirib.
Daha sonra sahibkarlar gördükləri işlər barədə məlumat verərək, xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının dəstəklənməsi üçün əlaqəli dövlət qurumlarının qarşılıqlı fəaliyyətini dəyərləndirib, o cümlədən gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə tətbiq olunan yeniliklərin biznes subyektlərinə faydasından bəhs ediblər.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin “Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması” haqqında sərəncamına əsasən təsis olunub.