REGİONLAR


Tovuzda sarımsaq əkini sahələri genişləndirilir  VİDEO

Tovuz, 23 oktyabr, Famil Quliyev, AZƏRTAC

Tovuzda oktyabrın əvvəlindən sarımsaq əkininə başlanıb. Ötən il rayon ərazisində məhsuldarlıq və qiymətlər yaxşı olduğundan təsərrüfat sahibləri bu il əkin sahələrini bir qədər də genişləndirmək fikrindədirlər. Bu sahə üzrə ixtisaslaşan Aşağı Mülkülü kəndində keçən mövsüm 50 hektara sarımsaq səpilmişdisə, bu il əkin sahələri təxminən 2 dəfə genişləndirilib. Qeyd edək ki, ötən il əkin sahələrindən 300 tondan çox sarımsaq istehsal edilmişdi.

Aşağı Mülkülü kənd sakini Nüşabə Tağıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Keçən il yarım hektar sahədə sarımsaq əkmişdik. Sahələrdən bol məhsul götürdük. Cari ildə sarımsaq əkilən sahələri bir hektara çatdırmaq istəyirik.”

Aşağı Mülkülü kənd sakini Şəbnəm Vəliyeva isə bildirib ki, ötən il 10 sot sahədə sarımsaq əkib. Sahələrdən 600 kiloqram məhsul toplayıblar və kiloqramını 4-5 manata satıblar. Ona görə də bu il sarımsaq sahələrini bir hektara qədər genişləndiriblər.

Tovuzda ötən illə müqayisədə sarımsaq sahəsi 20-30 hektar genişləndirilib. Havaların əlverişli keçməsindən istifadə edən təsərrüfatçılar səpin prosesini oktyabrın sonunadək yekunlaşdırmağı planlaşdırıblar.

Olduqca gəlirli bitki olan sarımsaq əl əməyi ilə becərilir. Texnika demək olar ki, təkcə şum işlərində kəndlilərin köməyinə yetir.

Soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növü olan sarımsaqdan məişətdə, həmçinin xalq təbabətində geniş istifadə edilir. Mədə-bağırsaq xoralarının müalicəsində, avitaminozda, zob xəstəliklərində istifadə olunur. Sarımsaq bakteriyaya qarşı da qüvvətli təsirə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.