REGİONLAR
Tovuzda taxıl sahələrinin orta məhsuldarlığı 38 sentnerə yaxındır VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Taxıl sahələrində biçin prosesi yekunlaşmaq üzrədir. Hava şəraitinin əlverişli olması, biçin prosesinin mütəşəkkil təşkili məhsulu vaxtında və itkisiz yığmağa imkan verib. Bu il fermerlər sahələrdən bol məhsul götürüblər. Hər hektardan 50-60 sentner məhsul götürən fərdi təsərrüfatlarının sayı əvvəlki illərlə müqayisədə daha çoxdur.
AZƏRTAC xəbər verir ki, Tovuzda biçin aparılmış taxıl sahələrinin orta məhsuldarlığı 38 sentnerə yaxındır.
Fermer Ədalət Məhərrəmov qeyd edib ki, biçin prosesinin sürətlə aparılması, taxılın itkisiz yığılması məhsuldarlığın ötən illə müqayisədə yüksəlməsini təmin edib. Biçinin yekununda bu rəqəmin daha da yüksələcəyi gözlənilir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, artıq respublikada taxıl sahələrinin 81,3 faizində biçin başa çatıb, 805189 hektar sahədən 2597468 ton məhsul yığılıb. Ölkə üzrə orta məhsuldarlıq 32,3 sentner təşkil edir. Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Məhsul yığımına 1499 kombayn cəlb olunub.