REGİONLAR
Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
Bakı, 3 oktyabr, AZƏRTAC
Tovuz rayonu ərazisində karantin tətbiq edilən, xüsusi təhlükəli zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən rayon ərazisində zərərvericilərə qarşı 317 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 92 hektar sahənin tut qalxanlı yastıcası, 18 hektar sahənin isə Yaponiya yalançı qalxanlı mumlu yastıcası ilə sirayətləndiyi müəyyən olunub.
Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən tut qalxanlı yastıcasına qarşı 3 hektar sahədə, Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı isə 6 hektar sahədə kimyəvi mübarizə aparılıb. Mübarizə tədbirlərində Siperpol (1,0-1l/ha), Desis (0.5-1l/ha) və Bi-58 (1-2.5l/ha) kimyəvi preparatlarından istifadə edilib.
Təsərrüfat sahiblərinə tut qalxanlı yastıcasına qarşı kimyəvi və aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə olunur. Aqrotexniki mübarizə zamanı zərərverici aşkar edilmiş ağacların qabıqlarını payızda və yazın əvvəllərində dəmir fırça ilə təmizləmək lazımdır. Kütləvi halda sirayətlənmiş budaqları kəsmək və bir yerə yığaraq yandırmaq, eləcə də ağacların dibinə fosfor və kalium gübrələri vermək məsləhətdir.
Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tinglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməlidir. Zərərverici ilə sirayətlənmiş bağlarda sentyabr-oktyabr aylarında yarpaqlar, qurumuş budaqlar və bitki qalıqları sahədən kənarda toplanaraq yandırılmalıdır.