REGİONLAR


Tovuzda tütünqurutma məntəqəsi açılıb VİDEO

Tovuz, 10 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda Yaponiya şirkətinin investisiya yatırımı ilə inşa olunan tütünqurutma məntəqəsinin açılışı olub. 2019-cu ildə Azərbaycanda iki tütünqurutma müəssisəsini açan şirkət hazırda müəssisələrin sayını dördə çatdırıb. Şirkətin və Azərbaycan Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirliklərinin və digər qurumların əsas məqsədi tütünçülük sektorunun Qarabağda da yaradılıb inkişaf etdirilməsidir.

AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı siqaret istehsalçıları olan şirkətlər ilə əməkdaşlıq edən “Tet İnternational Development” şirkətinin nümayəndələri Azərbaycanda tütün sahələri və tütünqurutma zavodlarının sayını artırmaqda davam edir. Şəki, Zaqatala, Oğuz rayonlarından sonra Tovuzda da tütün istehsalı müəssisəsi açılıb. Bildirilib ki, bu gün açılışı olan müəssisə iqtisadiyyata verdiyi dəstəklə bərabər, həm də yerli sakinlərin işlə təmin olunması deməkdir. Adıçəkilən şirkət iki-üç il ərzində Azərbaycana tütünçülüyün inkişafı üçün təxminən 10 milyon ABŞ dolları investisiya yatırıb. Dörd zavod hazırda Oğuz, Şəki, Zaqatala və Tovuz rayonlarında fəaliyyətdədir. Gələcəkdə zavodların sayının digər rayonlarda da artırılması planlaşdırılır.

“Virciniya botaniki” növlü tütün Amerika Birləşmiş Ştatlarından gətirilib. Tütünçülüyün əkini üçün əlverişli olan bütün bölgələrdə şirkət bu tip zavodların sayını artırmaqda maraqlıdır. Əsas hədəf isə işğaldan azad olunan torpaqlarımızda tütünçülük sektorunun inkişafıdır.

Şirkət Qarabağda tütün əkinçiliyini 2022-ci ildə reallaşdırmağı planlaşdırır. İlkin olaraq 150 hektar ərazidə tütün əkmək, daha sonra 2024-cü ilədək 40 milyon yatırım edib əkini 800 hektara çatdırmağı nəzərdə tutur. Ümumilikdə ölkəmizdə tütün sahəsi 4 min hektara çatdırılacaq.

Ümumi dörd zavodda 211 tütün qurudan avadanlıq mövcuddur. Bu qurğular “Mono” adlanır və yapon texnologiyaları əsasında ölkəmizdə istehsal olunur. Bu qurğular iş prinsipləri və texniki göstəricilərinə görə tarixi ölkə istehsalı olan cihazlardan üstündür.

Azərbaycanda 5 min hektar sahədə tütün əkininin təşkilini hədəf seçən Yaponiya şirkəti birgə əməkdaşlığın davamı olaraq, yaxın gələcəkdə “Made in Azerbaijan, Desighned by Japan” ticarət nişanı adı altında məhsulun ixracını da planlaşdırır. Qurudulmuş məhsulların 70 faizi satış üçün, qalanı isə daxili tələbat üçün istehsal olunur. Rusiya, Ukrayna, Belarus və Qərbi Avropa ölkələrinin əksəriyyəti ilə satış üçün razılıq əldə olunub. Hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə də bu səpkidə danışıqlar aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.