ELM VƏ TƏHSİL
Tovuzdakı lisey və kollecdə Bilik Fondunun maarifçilik fəaliyyətindən bəhs olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramı üzrə Tovuz şəhər Nəsirəddin Tusi adına Təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə və Tovuz Dövlət Sosial İqtisad Kollecində tədbirlər təşkil edib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, ilk tədbir məktəb-liseydə reallaşdırılıb. Təhsil müəssisəsinin direktoru Valeh Əhmədov dövlətin apardığı gənclər siyasəti barədə danışaraq, müasir dünyanın tələblərinə cavab verəcək səviyyədə təhsil almağın vacibliyini şagirdlərin diqqətinə çatdırıb.
Fondun yerli nümayəndəsi Namiq Əliyev bölgədə yaşayan sakinlərin irəli sürdüyü sosial sifarişlər əsasında rayonun digər müəssisə və təşkilatlarında da mütəmadi tədbirlərin təşkilinə dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, maarifləndirici tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir.
Tədbirdə Bilik Fondunun məsləhətçisi Sevinc Babayeva “Bilik Fondunun maarifçilik fəaliyyəti” mövzusunda mühazirə oxuyub.
Kollecdə keçirilən tədbirdə təhsil müəssisəsinin tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ölkəmizdə dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Kollecin Tələbə Gənclər Təşkilatının sədri Xəyal Əhmədov Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərini deyib.
S.Babayeva mühazirəsində təmsil etdiyi qurumun ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə, azərbaycançılıq məfkurəsinin geniş təbliğinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Tədbirlərdə Bilik Fondunun fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib, suallar cavablandırılıb.