REGİONLAR
Tovuzlu fermerlərin yetişdirdiyi xurma Rusiya bazarlarına göndərilir VİDEO
Tovuz, 27 oktyabr, Famil Quliyev, AZƏRTAC
Tovuzda xurma yığımına başlanılıb. Ağaclardan əllə dərilən meyvələr qablaşdırılır, sonra isə maşınlara yığılaraq Rusiyaya göndərilir. Hər il oktyabr ayında başlanan yığım prosesi təxminən 1 ay davam edir.
Fermer Akif Qəmbərov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, ötən illə müqayisədə bu mövsüm məhsuldarlıq daha yüksəkdir. Qiymətlərdə də müəyyən fərqlər var. Bu il mülkiyyətçilər xurmanı daha yaxşı qiymətə satırlar.
A.Qəmbərov bildirib ki, hazırda bu meyvənin yapon sortu yığılır. “Bu meyvə tam yetişməmiş yığılır ki, yolda xarab olmasın. Xurma Rusiya bazarlarına çatanadək istənilən səviyyədə yetişir və onu keyfiyyətli mal kimi satmaq mümkün olur”.
Ölkəmizdə xurmanın bir neçə sortunun yetişdirildiyini deyən fermer daha çox tələbatın yapon və şərq növlərinə olduğunu qeyd edib. Ölkədə xurmanın qiyməti aşağı olduğundan fermerlər məhsullarını daha çox Rusiya bazarlarına çıxarmağa çalışırlar.
Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibi yod ilə zəngin olduğu üçün mədə-bağırsaq, ürək-damar sisteminin fəaliyyətinə yaxşı təsir göstərir.