REGİONLAR
Tovuzlu melioratorlar peşə bayramlarını qeyd ediblər
Tovuz, 5 iyun, Famil Quliyev, AZƏRTAC
Tovuz rayonunda Meliorator Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayon suvarma sistemləri və subartezian quyularının istismarı idarələrinin, Ceyrançöl qış otlaqlarının su təminatı sistemləri istismarı idarəsinin kollektivləri ümummilli lider Heydər Əliyevin Tovuz şəhərindəki abidəsi önünə gül-çiçək düzərək xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib.
Bildirilib ki, 1996-cı il iyunun 5-də ulu öndər Heydər Əliyev MDB məkanında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb. 2007-ci ildə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə həmin tarix Meliorator Günü kimi təsis olunub.
Hazırda rayonda 24 min hektara yaxın əkin sahəsində suvarma aparılır. Tədbirdə bu barədə də söhbət açılıb və qeyd olunub ki, Tovuz suvarma sistemləri və subartezian quyularının istismarı idarələri tərəfindən bu ilin 5 ayında 82 ədəd subartezian quyusu əsaslı, 30-u isə cari təmir edilib. Həmçinin 14 yeni subartezian quyusu qazılaraq istismara verilib, 120 kilometrdən çox suvarma kanalları lildən təmizlənib.
Melioratorlar daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.