REGİONLAR
Tovuzun Əyyublu kənd sakini meteorid tapdığını iddia edir




Tovuz, 14 oktyabr, AZƏRTAC
Tovuz rayonunun Əyyublu kənd sakini tapdığı daşın göy cismi - meteorid olduğunu iddia edir. Bu daş hamar, ağır olduğu qədər də görünüşünə görə digərlərindən fərqlənir. Naməlum səma cismi Əyyublu kəndi ərazisində, “Ağanın düzlüyü” adlanan yerdə tapılıb. Daşın çəkisi üç kiloqramdan artıqdır. Bir tərəfi çıxıntılı, o biri üzü isə yastı olan cismin meteorit olduğunu iddia edən Mübariz Mehralıyev daşın tədqiq edilməsini vacib sayır.
Mübariz Mehralıyev AZƏRTAC-a bildirib ki, daşın uc hissəsinin çapıq olması insanda səma cisminin yerə zərblə çırpılması təsəvvürünü yaradır. Qeyri-adi daş görkəminə görə yerdəki bərk maddələrə nisbətdə də xeyli fərqlənir. Kənd sakininin sözlərinə görə, meteorit bir müddət düşdüyü yerdə diqqət çəkməyib.
M.Mehralıyev bir çoxlarının marağına və təəccübünə səbəb olan bu səma cisminin araşdırılmasına ehtiyac olduğunu bildirir.