REGİONLAR
Tovuzun dörd kəndində 3500-ə yaxın məktəbli üçün müasir təhsil infrastrukturu qurulur
Tovuz, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da həm məktəbəqədər tərbiyə müəssisələrində, həm də ümumtəhsil məktəblərində infrastrukturun yenidən qurulması, təlim-tərbiyə işinin günün tələbləri səviyyəsində təşkili və müasir tədris şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ötən il Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Güvəndik və Şamlıq kəndlərində modul tipli məktəblər tikilib.
Alakol kəndində 624 şagird yerlik müasir məktəb tikilərək istifadəyə verilib.
Hazırda 1200 şagird yerlik Bozalqanlı kənd məktəbinin yeni binasının tikintisi, 480 şagird yerlik Köhnəqala və 627 şagird yerlik Dondar Quşçu kənd məktəblərinin, həmçinin 1176 şagird yerlik Aşağı Quşçu kənd tam orta məktəblərinin əsaslı təmir işləri aparılır.