REGİONLAR
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Tovuz rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə dekabrın 14-də Tovuz rayonunun Hunanlar və Əhmədabad kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 620 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 50 min 727 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Sakinlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.