REGİONLAR
Tovuzun üzüm sahələrində bol məhsul var FOTO VİDEO
Tovuz, 4 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda üzüm yığımına başlanılıb. Son illər fermerlərin xaricdən gətirilən məhsuldar süfrə sortlarına üstünlük verməsi nəticəsində məhsuldarlıq da artıb.
AZƏRTAC xəbər verir ki, sakinlərin üzümçülüyə marağının artması nəticəsində rayonda yeni üzüm bağları salınıb. Artezian quyularının sayının artırılması da fermerlərdə həvəs yaradır.
Tovuz rayonunun Aşağı Quşçu kəndində yaşayan, üzümçülüklə məşğul olan fermer Mübariz Əsgərov deyir ki, üzüm bağlarına ailəlikcə qulluq edirlər və bu il yaxşı becərmə işi aparılıb, məhsuldarlıq da yüksəkdir. “Prezidentimizin kənd təsərrüfatına göstərdiyi qayğı, verdiyi tapşırıq və sərəncamlar bizi daha da həvəsləndirir. Yeni subartezian quyuları qazılır. Artezianların sayının artırılması bizə imkan verir ki, üzüm bağlarımızın sahəsini daha da artıraq”, - deyə o əlavə edib.
Fermerlər deyirlər ki, istənilən üzüm növünə düzgün qulluq göstərdikdə yaxşı da məhsul götürmək olar.
Tovuzlu fermerlər üzümün kiloqramını 80 qəpiyə - 1 manata satırlar. Bəzi üzüm növlərini isə fermerlər soyuducu anbarlara yerləşdirirlər.
Süfrə üzüm sortlarından ənənəvi “Təbrizi”, “Bayan şirə”, “Rekasiteli”, “Ağ şanı”, “Qara şanı”, “Xəlili” və digərləri ilə yanaşı, xaricdən gətirilən və məhsuldarlığı ilə seçilən “Viktoriya” kimi sortlara da xüsusi maraq var. Mütəxəssislər bu il məhsuldarlığın yüksək olduğunu deyirlər.
Qeyd edək ki, Tovuzda 794 hektardan çox üzüm bağı var.