REGİONLAR
Tovuzun yaşı min ildən çox olan məşhur çinarı
Tovuz, 16 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzun Qovlar şəhərindəki qoca çinarı yerli sakinlər arasında tanımayan, görməyən yoxdur. Şəhər sakinlərinin “bal ağac”, “beşbarmaq çinar”, “mayak çinar” adlandırdığı nəhəng ağac bölgədə ən yaşlı ağac hesab olunur. Diametri 21 metrdən artıq, hündürlüyü 50 metrdən çox olan ağacı deyilənə görə, yaz-yay aylarında 30-40 kilometr məsafədən də görmək mümkündür. Yerli sakinlərin sözlərinə görə, çinarın 1000 ildən çox yaşı var.
AZƏRTAC xəbər verir ki, çinarın müxtəlif adlarla tanınmasının da maraqlı səbəbləri var. Sakinlər bildirirlər ki, “bal çinar” ağacın koğuşunda yuva quran bal arılarına görə deyilir. Çinarın mayak kimi adlanmasının səbəbi isə İkinci Dünya müharibəsi ərəfəsində bu ağacın ən hündür yerində sovet əsgərləri tərəfindən bayraq taxılaraq koordinat və mayak kimi istifadə edilməsidir.
“Valideynlərimin dediyinə görə, keçmiş SSRİ dönəmində, 1975-1980-ci illərdə Moskvadan mütəxəssislər gəlib. Səhərdən axşamadək burada təcrübə aparıb, ölçü götürüblər. Hətta gedəndə ağacın yarpağından, budağından da kəsib aparıblar. Təxminən bir ay - ay yarımdan sonra ovaxtkı Mərkəzi Komitənin Tovuz şöbəsinə məktub gəlib. Rus alimlərinin gəldiyi qənaət bu olub ki, çinar ağacının yaşı min ildən də çoxdur”, – deyə yerli sakin Kamran Ələkbərov bildirir.
Yerli əhali bu ağacı xüsusi ehtiramla qoruyur. Şəhər sakini Famil Quliyev deyir ki, uzun illərin sınağına görə, kim bu çinardan şəxsi məqsədi üçün istifadə edirmişsə, böyük fəlakətlərlə üzləşib: “Mənim 62 yaşım var. Elə uşaqlıqdan bu ağacı belə görmüşəm. Eşitdiyimə görə, bura həm də ocaq yeri olub. Yəni inam yerimiz, ziyarət yerimizdir”.
Qovların Nizami küçəsində əzəmətlə göylərə ucalan çinarın ətrafına hasar çəkilib. Qoca çinar üçün ayrılmış 0,6 hektar əraziyə giriş qapısı da qoyulub. İnsanlar mütəmadi olaraq qoca çinarı görməyə gəlir, burada dilək tuturlar.