REGİONLAR
Toxuculuq təlimləri davam etdirilir
Babək, 21 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən qədim toxuculuq sənətinin inkişaf etdirilməsi məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar üçün növbəti toxuculuq təlimi təşkil edilib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə aztəminatlı ailənin 15 üzvü, sağlamlıq imkanları məhdud 10 qadın və Babək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 dərnək rəhbəri olmaqla, ümumilikdə, 29 nəfər iştirak edib.
Babək Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şəfa Babayeva çıxışında təlimlərin əhəmiyyətini vurğulayıb, bundan sonra belə tədbirlərin davamlı təşkil ediləcəyini söyləyib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Tarverdi Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar müvafiq işlər həyata keçirilir. Xüsusən evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində sosial layihələr həyata keçirilir. Bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı Şərur, Sədərək, Culfa və Şahbuz rayonlarında təlimlər təşkil edilib. Babək rayonunda keçirilən təlimlər də görülən işlərin davamı xarakterini daşıyır.
Sonda təlimçi, istedadlı toxucu Gülsüm Kəngərli muxtar respublikada milli-mənəvi dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Təlimə əyani vəsaitlərdən istifadə etməklə başlanılıb.