ELM VƏ TƏHSİL
“Toxumların keyfiyyət dəyişkənliyinin əsasları” kitabı çapdan çıxıb
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının bitkilərin mühafizəsi və monitorinqi laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun müəllifi olduğu “Toxumların keyfiyyət dəyişkənliyinin əsasları” kitabı çapdan çıxıb.
Nəbatat Bağından AZƏRTAC-a bildiriblər ki, kitabda alim tərəfindən aparılan tədqiqatlar və ədəbiyyat mənbələrinin analizi əsasında oduncaqlı bitkilərin həm təbiətdə, həm də introduksiya şəraitində əmələ gətirdikləri toxumların keyfiyyət dəyişkənliyinin elmi əsasları ümumiləşdirilib. Toxumların keyfiyyət dəyişkənliyinə rentgenoqrafiki, seleksiya və genetik nöqteyi-nəzərdən qiymət verilib və poliplidiya ilə əlaqəsi analiz edilib, həmçinin toxum məhsulunun və onun keyfiyyətinin ekoloji mühit amillərindən asılı olmasına və onların riyazi modelləmə və EHM istifadə etməklə proqnozlaşdırma məsələlərinə diqqət yetirilib.
Rus dilində tərtib olunmuş kitab botaniklər, meşəçilər, ekoloqlar və başqa aidiyyəti sahələrin mütəxəssisləri üçün nəzərdə tutulur.