İQTİSADİYYAT


Toyuq əti ucuzlaşıb

Toyuq əti ucuzlaşıb

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bununla da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün atılan addımlar öz müsbət təsirini göstərir. Belə ki, cari ilin ortalarından başlayaraq quşçuluq sahəsində istifadə olunan yem və yem əlavələrinin idxalına tətbiq olunan vergi-rüsum azadolmaları həm quş əti, həm də yumurta istehsalında maya dəyərinin sabitləşməsinə və aşağı düşməsinə gətirib çıxarıb.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli AZƏRTAC-a bildirib ki, yumurta istehsalında maya dəyərinin sabitləşməsi nəticəsində iki aya yaxındır topdansatış qiymətləri dəyişməz olaraq qalır: “Ötən il bu vaxt yumurtanın topdansatış qiyməti 19 qəpik idi. Bu il isə 15 qəpikdir. Bu il qış fəslinin başlanması ilə bağlı ənənəvi bahalaşma da olmadı. Gözləntilərimiz hazırkı qiymətlərin yaxın müddətli dövrdə dəyişməyəcəyi istiqamətindədir. Toyuq əti istehsalında isə azadolmalar, həmçinin qlobal bazarlarda soyanın qiymətində müşahidə olunan ucuzlaşma Azərbaycan istehsalçılarına qiymətləri endirməyə imkan yaradıb. Artıq bir neçə gündür soyudulmuş toyuq ətinin 1 kiloqramı 4,7-5 manatdan 4,2-4 manata endirilib. Müvafiq endirim ayrı-ayrı hissələrə (qanad, bud, bud dibi, file və sair) də aiddir. İstehsalçı müəssisələrin nümayəndələri ilə apardığımız müzakirələrdən belə görünür ki, endirimli qiymətlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində də qüvvədə olacaq. Qlobal bazardakı mövcud konyuktur, həmçinin dövlətimizin yem və yem qatqılarına münasibətdə tətbiq etdiyi azadolmalar davam etdiyi müddətdə qiymətlərin bahalaşmasını real hesab etmirik”.

Xatırladaq ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli Fərmanının ləğv edilməsi barədə” Fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarının idxalı da ƏDV-dən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.