DÜNYA
Tramp, Bayden və Pens 11 sentyabr hadisələrinin ildönümü ilə əlaqədar tədbirlərdə iştirak ediblər
Vaşinqton, 12 sentyabr, AZƏRTAC
Cümə günü, sentyabrın 11-də Nyu-Yorkda 9/11 Memorialının yanında 2001-ci il 11 sentyabr hadisələrinin 19-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə 11 sentyabr terror aktlarının yüzlərlə qurbanının siyahısı oxunub.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonda, Kolumbiya dairəsində və Qərbi Pensilvaniyada da müvafiq tədbirlər keçirilib. Koronavirus pandemiyası səbəbindən tədbirlərdə çox adam iştirak etməyib və müəyyən məhdudiyyətlərə riayət olunub. Bəzi tədbirlərdə Prezident Donald Tramp, Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden və vitse-prezident Mayk Pens iştirak edib.
Əvvəlki illərdə keçirilən tədbirlərdən fərqli olaraq bu dəfə Manhetten Memorialında və 9/11 Muzeyində əvvəlcə audiokliplər nümayiş etdirilib. Terror aktının qurbanlarının qohumları həmin qurbanların adlarını oxuyublar.
Ənənəvi mərasim səhər saat 8.40-da – təqribən “11 American Airlines” reysinin Ümumdünya Ticarət Mərkəzinin (ÜTM) şimal qülləsinə çırpıldığı vaxtda başlanıb. Aşağı Manhettendə keçirilən mərasimdə Bayden, Pens, onun xanımı Karen Pens, Nyu-York qubernatoru Endrü Kuomo və Nyu-York meri Bill de Blazio iştirak ediblər.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də ümumi sayı 19 nəfərdən ibarət olan 4 terrorçu qrup 4 sərnişin avialaynerini ələ keçirib. Bu qrupların hər birində uçuş hazırlığı keçmiş azı bir nəfər vardı. Terrorçular həmin laynerlərdən ikisini Ümumdünya Ticarət Mərkəzinin Nyu-Yorkda, Manhettenin cənub hissəsində yerləşən qüllələrinə çırpıblar. “11 American Airlines” reysi ÜTM-in şimal qülləsinə, “175 United Airlines” reysi isə ÜTM-in cənub qülləsinə çırpılıb. Nəticədə hər iki qüllə və yaxınlıqdakı tikililər dağılıb. Üçüncü təyyarə (“77 American Airlines” reysi) Vaşinqtonun yaxınlığında yerləşən Pentaqonun binasına istiqamətlənib. Dördüncü avialaynerin (“93 United Airlines” reysi) sərnişinləri və heyəti təyyarəni terrorçuların əlindən almağa cəhd göstərib, nəticədə təyyarə Pensilvaniya ştatında boş bir sahədə yerə çırpılıb.
Bu hücumlar nəticəsində 2977 nəfər həlak olub. Bu, qurbanların sayına görə tarixdə ən böyük terror aktı hesab edilir.
AZƏRTAC-ın Vaşinqton bürosu