DÜNYA
Tramp Daxili Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşını işdən çıxarıb
Vaşinqton, 18 noyabr, AZƏRTAC
Prezident Donald Tramp ölkənin Daxili Təhlükəsizlik Nazirliyi nəzdində İnfrastrukturun Kibertəhlükəsizliyi və Qorunması Agentliyinin direktoru Kris Krebsi işdən çıxarıb. Buna Krebsin seçkilərdə dələduzluq barədə iddiaları təkzib edən bəyanatı səbəb olub.
AZƏRTAC xəbər verir ki, Tramp Krebsi işdən çıxarmaq barədə qərarını özünün “Twitter” hesabında elan edib. O bildirib ki, Krebsin 2020-ci il seçkilərinin təhlükəsizliyi barədə iddiaları “dəqiqlikdən uzaqdır”. Ağ ev başçısı deyib ki, seçkilər pozuntularla və bir çox seçicinin hüquqazidd davranışı ilə müşayiət olunub.
Noyabrin 17-də Krebs “Twitter” hesabında belə bir məlumat paylaşmışdı: “Seçki sistemlərinin manipulyasiyası barədə ehtimal edilən iddialara münasibətdə təhlükəsizlik üzrə 59 ekspertin hamısı razıdır ki, bizə məlum olan bütün hallarda bu iddialar əsassızdır”.
Bundan başqa, İnfrastrukturun Kibertəhlükəsizliyi və Qorunması Agentliyinin ötən həftə dərc etdiyi bəyanatında deyilir ki, “noyabrın 3-də keçirilən seçkilər Amerika tarixində ən ədalətli seçkilərdir”.
AZƏRTAC-ın Vaşinqton bürosu