DÜNYA


Tramp Obama tərəfindən qadağan olunmuş “sürətli kreditlər” verilməsini bərpa edir

Vaşinqton, 8 fevral, AZƏRTAC

Tramp administrasiyası “sürətli kreditlər” və ya “məvacibə qədər vəsait” verilməsi ilə bağlı məhdudiyyətləri ləğv etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Obama administrasiyası belə kreditlərin verilməsini qadağan etmişdi, çünki onlar nəticə etibarilə borcalanları öz əmlakından məhrum edirdi. Obama hesab edirdi ki, banklar həyatda ağır vəziyyətə düşmüş imkansız müştərilərə bu cür kreditlər verməklə onların hesabına varlanırdı. Adətən belə hallarda banklar müştərinin likvid əmlakını, o cümlədən avtomobilini və digər qiymətli əşyalarını girov götürməklə öz mənafelərini sığortalayırdılar. Belə kredit almış müştərilərin çoxu sonradan mənzillərini itirirlər.

Obama dövründə müəyyən edilmiş qaydalara əsasən, borc verən kreditorlardan tələb edilirdi ki, borcalanın yaxın gələcəkdə krediti ödəyə biləcəyini aydınlaşdırsınlar. Borcalanın tədiyə qabiliyyətli olması təsdiq edilmədikdə bankın ona “sürətli kredit” verməyə haqqı yox idi.

Keti Kreningerin rəhbərlik etdiyi ABŞ İstehlakçıların maliyyə baxımından müdafiəsi bürosu “sürətli kredit”lərin yenidən bərpa olunması təklifi ilə çıxış edib. Büro israr edir ki, belə kreditlər maliyyə resurslarını borcalanların geniş dairəsi üçün əlçatan edir. Ekspertlərin çoxu Tramp administrasiyasının bu planlarını kəskin tənqid edib. Onlar bildirirlər ki, yeni qaydalar sıravi insanların deyil, bankların mənafeyinə xidmət edir.

“Bloomberg” jurnalında dərc edilmiş materialda bildirilir ki, Tramp administrasiyası tərəfindən vergilərin azaldılması nəticəsində keçən il ABŞ-ın ən iri 23 bankı 21 milyard dollara qənaət edib. Bu məbləğ ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin (NASA) büdcəsindən çox, Federal Təhqiqatlar Bürosunun bütün cinayətlərə qarşı mübarizə xərclərindən iki dəfə çoxdur.

Yusif Babanlı

AZƏRTAC –ın xüsusi müxbiri

Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.