DÜNYA
Tramp “şatdaun” barədə demokratlarla danışıqları “hədər yerə vaxt itirmək” adlandıraraq görüşü tərk edib
Vaşinqton, 10 yanvar, AZƏRTAC
Çərşənbə günü, yanvarın 9-da ABŞ Prezidenti Donald Tramp Konqresdə demokratların liderləri Çak Şumer və Nensi Pelosi ilə görüşüb. Bu görüşün məqsədi ABŞ dövlət büdcəsinin qəbul edilməsi məsələsində demokratlarla Tramp administrasiyası arasında fikir ayrılığı üzündən başlanmış “hökumət şatdaunu”na son qoyulmasını müzakirə etmək idi. Məlum olduğu kimi, demokratlar Trampın tələbi ilə Meksika sərhədində təqribən 5,7 milyard dollara başa gələ biləcək divar ucaldılması üçün maliyyə vəsaiti ayrılmasını dəstəkləməkdən imtina ediblər.
AZƏRTAC xəbər verir ki, Tramp demokratların liderləri ilə görüşdə onların Meksika-ABŞ sərhədində divar tikintisinin maliyyələşdirilməsinə razı olub-olmadıqlarını soruşub. Nümayəndələr Palatasının spikeri Nensi Pelosidən “yox” cavabı alan Tramp qəflətən yerindən qalxaraq görüşü tərk edib. Bundan sonra Tramp öz tvitter səhifəsində yazıb: “Mən soruşdum ki, əgər mən tezliklə hər şeyi açıb bərpa etsəm 30 gün ərzində nələr baş verəcək, siz sərhəddə təhlükəsizlik planını, o cümlədən divar və ya metal hasar qurulması planını bəyənəcəksinizmi? Nensi dedi: “YOX”. Mən sağollaşdım, başqa cür olmaz!”
Ağ evin rəhbəri bu görüşü “hədər yerə vaxt itirmək” adlandırıb.
Artıq 19-cu gündür ki, ABŞ hökumətinin işi qismən dayandırılıb. Xatırladaq ki, Tramp sərhəddə yaranmış şəraiti nəzərə alaraq fövqəladə vəziyyət rejimi elan olunacağı barədə hədə-qorxu gəlib. Bu halda o, Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddə divar ucaldılması üçün müdafiə büdcəsindən zəruri maliyyə vəsaitləri ayırmaq hüququ əldə edəcək. Demokratlar bildiriblər ki, əgər Tramp belə bir addım atarsa, onlar Prezidentin hərəkətlərinin qanuni olub-olmaması barədə Amerika məhkəmələrində iddia qaldıracaqlar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton