DÜNYA
Trampı tənqid edən şəxs Gömrük və Sərhəd Nəzarəti İdarəsinin rəhbəri vəzifəsinə təyin edilə bilər
Vaşinqton, 13 aprel, AZƏRTAC
Prezident Co Bayden Arizona ştatındakı Tuson şəhərinin polis rəisi Kris Maqnusu Gömrük və Sərhəd Nəzarəti İdarəsinin rəhbəri vəzifəsinə təyin etmək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın antiimmiqrasiya siyasətini kəskin tənqid edən Maqnusun bu vəzifəyə təyin edilməsi Senat tərəfindən təsdiq ediləcəyi halda o, Daxili Təhlükəsizlik Nazirliyindəki yeni rəhbərlərin sırasına qoşulacaq. Maqnus Miçiqan ştatındakı Lansinq şəhərinin polis idarəsində xidmət edib, Şimali Dakota ştatındakı Farqo və Kaliforniya ştatındakı Riçmond şəhərlərinin polis rəisi olub. Hazırda o, Arizona ştatındakı Tuson şəhərinin polis rəisi vəzifəsini tutur.
Maqnus həmin şəhərlərin hər birində əsas diqqəti polis ilə icmalar arasında münasibətlər qurulması, müasir sübut metodikalarının tətbiqi, islahatların irəliləməsi və polisin hesabat verməsinin təmin edilməsi məsələləri üzərində cəmləşdirən mütərəqqi lider kimi nüfuz qazanıb.
AZƏRTAC-ın Vaşinqton bürosu