DÜNYA
Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanın komitə iclasında yekun bəyannamə qəbul edilib
Tokio, 20 yanvar, AZƏRTAC
Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanın (TTP) Tokioda keçirilən birinci komitə iclasının iştirakçıları təşkilatın genişlənməsi və azad ticarət qaydalarının möhkəmlənməsi xəttinin əks olunduğu yekun bəyannamə qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, Kyodo agentliyinin yaydığı sənəddə Trans-Sakit okean Tərəfdaşlığının genişləndirilərək, azad ticarətin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, təşkilatın üzvü olan 11 dövlətin nümayəndələrinin qəbul etdiyi sənəddə ABŞ və Çin tərəfindən gömrük tariflərinin qaldırılması ilə bağlı narahatlıq və müvafiq qaydalar əsasında azad ticarətin prinsiplərinin möhkəmləndirilməsinə çağırış da əksini tapıb.
İclasda, həmçinin təşkilata yeni üzvlərin qəbulu proseduru da müəyyənləşdirilib. Bununla bağlı sənəddə deyilir: “TTP təşkilatın yüksək səviyyəsinə uyğun olmaq arzusunu ifadə edən bütün digər ölkələr üçün açıqdır”.
Eyni zamanda, təşkilatın üzvləri mübahisələrin həlli prinsiplərini, həmçinin üzvlərin təşkilata sədrliyinin ardıcıllıq qaydasını da işləyib hazırlayıblar.
Xatırladaq ki, TTP-yə daxil olan ölkələrin əhalisinin ümumi sayı 500 milyona bərabərdir, ümumi daxili məhsulu isə dünya üzrə ÜDM-in 13 faizini təşkil edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio